PROFIT GENERATING INVESTMENTS
Main page > News feed > News

Oxatanlarımızın növbəti uğuru

oxt26-31 yanvar 2017-ci il tarixində Banqladeşin paytaxtı Dakka şəhərində, Kamandan oxatma üzrə Birinci İslam Həmrəyliyi çempionatı keçirildi. Çempionatda Azərbaycanla yanaşı olaraq Pakistan, İraq, Suriya, Mərakeş, Yemən, Malayziya, Sinqapur, Sudan, Liviya, Banqladeş və digər ölkələr iştirak edib. Kamandan oxatma üzrə yığmanın baş məşqçinin köməkçisi Natiq Fazilovun sözlərinə görə, kişilər arasında keçirilən çempionatda 35, qızlar arasında keçirilən çempionatda isə 18 idmançı iştirak edib. Azərbaycan idmançıları qızlar arasında keçirilən fərdi və komanda yarışlarında iştirak etmişdir. Sevindirici bir haldır ki, idmançılarımız həm komanda, həm də fərdi yarışlarda uğurla çıxış etmişdir.

18 idmançı arasında keçirilən çempionatda Ramazanova Yaylagül ikinci, Qasımova Ozay isə üçüncü yeri tutdu. 8 komanda arasında keçirilən çempionatda isə komandamız 3-cü yeri tutub. Ümumilikdə, baş məşqçinin köməkçisi idmançılarımızın çıxışından razı qalıb. “Bu çox mötəbər bir turnir idi. Burada dünya səviyyəsində kamandan oxatmada öz sözlərini demiş ölkələri təmsil edən güclü idmançılar iştirak edirdi. Yarışların məhz 70 metrdə keçirilməsi, bizim idmançıların imkanlarını daha da azaldırdı. Belə ki, qış aylarında Azərbaycanda 70 metrdə məşqlər və ya turnirlər keçirilmir. Bununla yanaşı olaraq, mart ayında Fransanın Vitel şəhərində 18 metrdə Kamandan oxatma üzrə Avropa çempionatı keçiriləcək. Məhz buna görə, idmançılarımız daha çox 18 metrdə keçirilən yarışlara hazırlaşır. Amma bütün amillərə baxmayaraq, idmançılarımız Birinci İslam Həmrəyliyi çempionatında əla çıxış etdi və ölkəmizə medallarla qayıtdı”.

“Hal-hazırda, idmançılarımız mart ayında Fransanın Vitel şəhərində keçiriləcək 18 metrdə Kamandan oxatma üzrə Avropa çempionatına hazırlaşır. Avropa çempionatında da uğurla çıxış edib, ölkəmizə medalla qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, bu olimpiya idman növündə əsaslı dönüş “AS Group Investment” Şirkətlər qrupunun baş təsisçisi Şahin Mövsümovun Kamandan oxatma Federasiyasının (ARKOF) prezidenti seçiləndən sonra baş verdi. Bundan sonra Federasiya “AS Group Investment”-dən mütəmadi olaraq maliyyə və təşkilati yardım alır. Bu isə öz növbəsində bu idman növünün inkişafına güclü təkan verdi. Belə ki, maddi-texniki baza yaxşılaşdı, hələ Sovet dönəmində əldə edilən rekordlar yeniləndi, idmançılarımız beynəlxalq turnirlərdə uğur qazanmağa başladı.

 

3 fevral, 2017