Cari ilin 11-12 dekabr tarixlərində Qarabağ Universitetində Energetika Nazirliyi və nazirliyin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilatçılığı ilə “Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının, ali təhsil müəssisələrinin və özəl sektor nümayəndələri arasında “AS Group”un təmsilçiləri də iştirak ediblər.
Qarabağ Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov çıxışında Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl enerji zonası” elan edilməsinin regionun bərpa olunan enerji potensialının qiymətləndirilməsi və elmi yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirin ikinci günündə keçirilən panel müzakirəsində “AS Group” un nümayəndəsi olaraq Cəmil Məlikov iştirak edib. O, “AS Group”un törəmə şirkəti olan “AS İnşaat” MMC tərəfindən Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında inşa edilən Ağalı kəndində tətbiq olunan texniki və mühəndislik həlləri, eləcə də enerji səmərəliliyi və yaşıl enerji istiqamətində görülən işlər barədə məlumat verib.
İki günü əhatə edən müddət ərzində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov tərəfindən azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin “Yaşıl enerji zonası” konsepsiyasına uyğun həyata keçirildiyi, köç prosesinin davam etdiyi və sosial-iqtisadi fəallığın artırılması istiqamətində dövlət dəstək mexanizmlərinin tətbiq olunduğu qeyd edilib. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Qarabağ və Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı, “Yaşıl enerji zonası” Konsepsiyası və 2022–2026-cı illəri əhatə edən tədbirlər planı barədə məlumat verib. Tədbir çərçivəsində, həmçinin Agentliyin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev tərəfindən konsepsiya üzrə görülən işlərə dair məruzə təqdim olunub.
Bu təqdimatların davamı olaraq, tədbir çərçivəsində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji zonası konsepsiyası”, “yaşıl enerji” yanaşması üzrə görülmüş işlər və gələcək planlar ətrafında müzakirələr aparılıb.






