5–6 dekabr 2025-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Daşınmaz Əmlak Həftəsi – 2025 çərçivəsində keçirilən Daşınmaz Əmlak Sərgisi (Real Estate Expo) regionun daşınmaz əmlak, memarlıq və tikinti sektorunda fəaliyyət göstərən şirkətləri və sahə nümayəndələrini bir araya gətirib. Həftəlik proqramın əsas tədbirlərindən biri olan sərgi “ExpoGeorgia” və Gürcüstan Daşınmaz Əmlak Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Sərgidə Azərbaycanı təmsil edən yeganə şirkət “AS Group” olub.
Tədbir beynəlxalq konfransla açılıb və iştirakçılara Gürcüstan daşınmaz əmlak bazarına dair yeni tədqiqat nəticələri təqdim edilib. Panel müzakirələrində investisiya bazarları, qlobal markaların sektora təsiri və regionun inkişaf perspektivləri müzakirə olunub. Konfrans proqramı daşınmaz əmlak agentlərinin sertifikatlaşdırılması mərasimi və developer, broker və investisiya şirkətlərinin iştirakı ilə təşkil olunan “B2B” görüşlərlə davam edib.
Sərgi müddətində iştirakçılar yaşayış, kommersiya və qarışıq təyinatlı layihələrlə tanış olublar. Bu çərçivədə “AS Group” öz fəaliyyət istiqamətlərini təqdim edib və ziyarətçilərin xüsusi marağına səbəb olan “Park Boulevard” yaşayış kompleksini ətraflı şəkildə nümayiş etdirib. Layihənin memarlıq konsepsiyası, infrastrukturu və “Riverside” şəhərsalma modeli çərçivəsində yerli qonaqlar tərəfindən müsbət qarşılanıb. Şirkətin sərgidə iştirakı həm yerli, həm də beynəlxalq biznes mediasının diqqətini cəlb edib.
Sərginin ikinci günündə sektor üçün innovasiya və rəqəmsal transformasiya mövzuları əsas müzakirə predmetinə çevrilib. “Gələcəyin İnşası: PropTech İnnovasiyaları” panelində qlobal texnoloji şəbəkələrin sektora təsiri, dövlətin innovasiya təşəbbüsləri və vençur dəstəyi mexanizmləri müzakirə olunub. Daha sonra keçirilən “Rəqəmsal Dövrdə Daşınmaz Əmlak Marketinqi” master-klasında rəqəmsal alətlərdən istifadənin trend yanaşmaları təqdim edilib. Günün sonunda bir sıra şirkətlər mükafatlandırılıb və “AS Group” təqdim etdiyi layihə və stend dizaynına görə təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnamə şirkətin Satış rəhbəri Gvantsa Kirvalidzeyə təqdim olunub.
“AS Group”un Daşınmaz Əmlak Sərgisində iştirakı şirkətin Gürcüstan bazarı ilə əlaqələrini gücləndirməklə yanaşı, regionda yeni əməkdaşlıq imkanlarının formalaşmasına və strateji əməkdaşlıqların dərinləşməsinə töhfə verib.









