“AS Group Investment” Vətən Müharibəsi qazisi Amin Musayevə mənzil hədiyyə etdi

18.03.2022
Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda canından keçib şəhid olan igidlərimizin ailələrinə, sağlamlıqlarını bu yolda itirən qazilərə dövlət dəstəyi ilə yanaşı özəl sektor da öz qayğısını əsirgəmir.Həm 44 günlük Vətən müharibəsi zamanı ordumuza dəstək olan, həm müharibədən sonra şəhid və qazilərin ailələrinə vaxtaşırı olaraq dəstək göstərən şirkətlərdən biri “AS Group Investment” Novruz bayramı ərəfəsində daha belə bir təşəbbüs həyata keçirib.
Belə ki, “AS Group Investment” şirkətlər qrupu 44 günlük Vətən Müharibəsində igidlik göstərən, müharibənin bitməsinə bir gün qalmış Şuşa ətrafında əsir düşən və bu zaman düşmənə verdiyi cavabla məşhurlaşan qazi Amin Musayevə Novruz bayramı ərəfəsində mənzil hədiyyə edib.  Ötən gün martın 18-də şirkət əməkdaşları Amin Musayev və onun anası Hicran xanıma mənzilin sənədlərini və açarlarını təqdim ediblər. “AS Group Investment” şirkətinin qazi Amin Musayevə hədiyyə etdiyi mənzil şirkətlər birliyinə daxil olan “AS Tikinti” MMC tərəfindən inşa edilən  Göl-Park Yaşayış Kompleksində yerləşir.
Müharibədə aldığı yara səbəbindən uzun müddətli reabilitasiya kursu keçməli olan Amin Bakıda kirayə mənzildə qalırdı. “AS Group Investment” qaziyə dəstək olaraq yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ona tam təmirli mənzil hədiyyə edib.
İgid qazimizin həyat və yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bu təşəbbüsdə daha bir şirkət iştirak edib. “ALFA –R Engineering” MMC şirkəti  mənzili mebel və bütün zəruri məişət əşyaları ilə təmin edib.
Qeyd edək ki,  “ALFA –R Engineering” 2003-cü ildən Azərbaycan bazarında fəaliyyət göstərir. Şirkət mövcud olan bütün iqlim, isitmə, su təhcizat, yanğın siqnalizasiyası sistemlərinin quraşdırılması, layihələndirilməsi və servis xidmətilə məşğuldur.
 Vətən Müharibəsi başladığı gündən döyüşlərə qatılan Amin Musayev 8 noyabr 2020-ci ildə Xankəndi yaxınlığında ağır yaralanıb və yaralı halda düşmən tərəfindən əsir alınıb. O, düşmənə əsir düşərkən Azərbaycan əsgərinə layiq  cəsarəti ilə hər kəsin sevimlisinə çevrildi. Belə ki, düşmən əsgərləri yaralı Amini Şuşa ətrafında aşkar edib əsir alanda onu söymüşdülər, amma Amin onların söyüşünü necə lazımsa özlərinə qaytarmışdı və rusiyalı hərbi müxbir tərəfindən çəkilmiş bu kadrlar həmin vaxtlar sosial şəbəkələrdə yayılmışdı. Amin Ali Baş Komandan İlham Əliyevin göstərdiyi səylər sayəsində həmin il dekabrın 12-də əsirlikdən azad olunaraq Vətənə qaytarılmışdı.
Qeyd edək ki, özünün vətənpərvərliyi və Korporativ Sosial Məsuliyyəti ilə seçilən “AS Group Investment” şirkəti 2021-ci ilin mart ayında Mingəçevirdə şəhid çavuş Niyazi İsgəndərovun ailəsinə həmin şəhərdə inşa etdiyi “Park Residence” Yaşayış binasından, elə həmin ilin sentyabr ayında isə şəhid Mehman Qənbərovun ailəsinə “Park-Göl” Yaşayış Kompleksindən 3 otaqlı mənzil hədiyyə edib. Şirkət Vətən Müharibəsi başlayandan etibarən ordumuza bütün mümkün dəstəyi göstərib, Silahlı Qüvvələrə Yardım Fonduna, daha sonra “Yaşat” fonduna ianələr ayırmaqla özünün xalqımız, dövlətçiliyimiz qarşısındakı məsuliyyət hissini nümayiş etdirib.